Layihələr

“Ayrılmadı könül candan!” adlı hekayə və esse müsabiqəsinin yekun tədbiri

25.05.2022
“Ayrılmadı könül candan!” adlı hekayə və esse müsabiqəsinin yekun tədbiri
   Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Şuşa İli” çərçivəsində ali təhsil müəssisələrinin Filologiya və Jurnalistika fakültələrinin tələbələri arasında elan etdiyi “Ayrılmadı könül candan!” adlı hekayə və esse müsabiqəsinin yekun tədbiri keçirilmişdir. Mərkəzin kollektivi, münsiflər heyətinin üzvləri və yazıları ilk onluğa daxil edilən tələbələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru professor Sevinc Əliyeva hekayə, esse müsabiqələrinin Filologiya və Jurnalistika fakültələrinin tələbələri arasında keçirilməsinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə yanaşı, onların Azərbaycan dilinin zənginliklərindən faydalanmaqla öz bilik, bacarıqlarını və yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək baxımından da xüsusi əhəmiyyətli olduğunu nəzərə çatdırmışdır.
   Qaliblər mükafatlandırıldıqdan sonra müsabiqəyə göndərilən yazıların yoxlanma prinsipləri və qaliblərin seçilmə meyarları barədə ətraflı məlumat verən Mərkəzin şöbə müdiri dosent Şahlar Məmmədov daxil olmuş 53 esse və hekayədən paramertlərə uyğun gələn 10 yazının müəllifinin qalib kimi seçildiyini nəzərə çatdırmışdır. Qiymətləndirmə meyarlarını diqqətə çatdıran natiq bildirmişdir ki, mətnlərdə ardıcıllığa riayət olunmalı, məzmun və məna vəhdət təşkil etməli, eləcə də üslub vahidliyi və mətnin ifadəliliyi qorunmalıdır. Nəticələri ümumiləşdirən dos. Şahlar Məmmədov onu da əlavə etmişdir ki, müsabiqəyə göndərilən yazılarda bədii təsvir üsullarından geniş istifadə olunmaqla yanaşı, əksər yazılarda orfoqrafik, qrammatik və üslub səhvlərinə rast gəlinmiş, mətnin abzaslara düzgün bölünməməsi, punktuasiya qaydalarına riayət olunmaması, eləcə də mövzu ilə məzmun arasında uyğunsuzluq kimi hallar müşahidə edilmiş, ciddi plagiat faktlarının aşkar edildiyi yazılar isə müsabiqədən kənarlaşdırılmışdır.
   Münsiflər heyətinin üzvləri ‒ AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Mərziyyə Nəcəfova, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının Xarici dillər kafedrasının baş müəllimi filologiya üzrə fəlsəfə doktoru, dosent Kəminə Məmmədova, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin üzvü Sima Cəfərova, Bakı Avrasiya Universitetinin Ümumi filologiya kafedrasının baş müəllimi Zəminə Rüstəmbəyli çıxışlarında gənc nəslin yazı müsabiqələrində fəal iştirakını ana dilinə münasibətin və vətən sevgisinin parlaq təzahürü kimi dəyərləndirərək bu kimi müsabiqələrin tələbələrdə tədqiqatçılıq bacarığını formalaşdırdığını da bildirmişlər. Göndərilən esse və hekayələrin tam şəffaf və obyektiv şəkildə qiymətləndirildiyini vurğulayan münsiflər müsabiqədə iştirak edən gənclərdə vətənpərvərlik ruhunun yüksək olduğunu, lakin ədəbi dil normalarının və yazı qaydalarının kobud şəkildə pozulması hallarının da mövcudluğunu qeyd etmişlər.
   Birinci yerə layiq görülən Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsinin IV kurs tələbəsi Günel Məmmədova tədbirin sonunda “Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir” adlı hekayəsini səsləndirmişdir.
   “Ayrılmadı könül candan!” adlı hekayə və esse inşa müsabiqəsində ikinci yerə Bakı Avrasiya Universitetinin IV kurs tələbəsi Aytac Qayıbova, üçüncü yerə isə Bakı Dövlət Universitetinin I kurs tələbəsi Nübar İbrahimova layiq görülmüşlər.