Layihələr
“Avropada dilimizin bugünü və sabahı”
18.03.2024
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin, “A&C Partner GmbH” şirkətinin təsisçiləri Anar İsmayılov və Cavid Ağayevin birgə təşkilatçılığı ilə Almaniyanın Euskirçen şəhərində “Avropada dilimizin bugünü və sabahı” adlı tədbir keçirilmişdir. Tədbirdə Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, Mərkəzin əməkdaşları Orxan Həsənov, Cəmilə Cəfərova, “A&C Partner GmbH” şirkətinin təsisçiləri Anar İsmayılov və Cavid Ağayev, Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev, “Kolorit Group”un rəhbəri Amil İsmayılov, “IAMO Bau GmbH” inşaat şirkətinin təsisçisi Azər İbrahimov və b. iştirak etmişlər. Monitorinq Mərkəzinin direktor müavini dosent Gülarə Əmirova, şöbə müdirləri dosent Şahlar Məmmədov, Vəfa İsmayılova və Mərkəzin əməkdaşları, həmçinin Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili müəllimi filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva da tədbirə onlayn şəkildə qoşulmuşlar.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan prof. Sevinc Əliyeva soydaşlarımızı salamlayaraq Azərbaycan dilinin beynəlxalq aləmdə təbliğinə həsr olunmuş görüşün təşkilinə görə diaspor nümayəndələrinə minnətdarlığını bildirmişdir. Almaniya Federativ Respublikasında minlərlə soydaşımızın yaşadığını qeyd edən S.Əliyeva həftəsonu məktəblərinin azərbaycanlı ailələrdə ana dilimizin qorunmasında və böyüyən gənc nəslə dil sevgisinin aşılanmasında xüsusi rolu olacağını vurğulamışdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyanın Münster şəhərində fəaliyyət göstərəcək həftəsonu məktəbi haqqında məlumat verən Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev Monitorinq Mərkəzi ilə sıx əlaqələrin qurulması və sonrakı mərhələdə onlayn dərslərin təşkili ilə bağlı fikirlərini bölüşmüşdür.
Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan dili fənnini tədris edən filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva Azərbaycan dilinin Özbəkistanda təbliği və tədrisi istiqamətində görülən işlərdən bəhs etmişdir.
Monitorinq Mərkəzinin direktor müavini dosent Gülarə Əmirova, şöbə müdirləri dosent Şahlar Məmmədov və Vəfa İsmayılova, mütəxəssis Vüqar Qurbanov çıxışlarında Almaniyada yaradılacaq həftəsonu məktəbinin fəaliyyətinə uğurlar arzulayaraq bu işə hər cür dəstək olacaqlarını bildirmişlər.
Sonda Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva tədbirin yüksək səviyyədə təşkilinə görə “A&C Partner GmbH” şirkətinin təsisçiləri Anar İsmayılov və Cavid Ağayevə təşəkkürünü bildirmişdir.