Media

ARB-24 telekanalında görüş

11.04.2022
ARB-24 telekanalında görüş
   Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva ARB-24 telekanalının qonağı olmuşdur. Telekanalın rəhbəri Radik İsmayılovun, aparıcı və redaktorların iştirak etdiyi görüşdə efir məkanında dövlət dilinin saflığının qorunması və düzgün tətbiqi məsələləri müzakirə edilmişdir.
   ARB-24 telekanalının direktoru Radik İsmayılov Monitorinq Mərkəzi tərəfindən aparılan monitorinqlərə münasibət bildirmiş, aparıcıları narahat edən bəzi məsələləri diqqətə çatdırmışdır. Azərbaycan ədəbi dili normalarına əməl olunmasının vacibliyini vurğulayan natiq aparıcıların canlı efirdə bəzi texniki çətinliklərlə qarşılaşdıqlarını, dublyaj sahəsində hələ də müəyyən problemlərin olduğunu da xüsusi qeyd etmişdir. Daha sonra konkret nümunələr əsasında orfoepiya və orfoqrafiya normaları, o cümlədən transliterasiya sahəsindəki mövcud problemlər – yer və şəxs adlarının tələffüz və yazılışındakı çoxvarinatlılığın aradan qaldırılması üçün vahid prinsipin müəyyənləşdirilməsi və s. məsələlər müzakirə edilmişdir. Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva Azərbaycan ədəbi dil normaları, orfoepiya və orfoqrafiya normalarının düzğün tətbiqi ilə bağlı konkret tövsiyələr verməklə iştirakçıları maraqlandıran sualları cavablandırmışdır. Mərkəzin hesabatlarında təqdim olunan təkliflərə münasibət bildirən televiziya mütəxəssisləri şifahi və yazılı nitqin inkişafı ilə bağlı irəli sürülən təkliflərin əhəmiyyətini də vurğulamışdır. Televiziya kanallarında doğma dilin hazırkı praktik vəziyyətinin müzakirəsi ilə davam edən görüşdə dilimizə xas olmayan cümlə tiplərinin geniş istifadəsindən, yad intonasiyanın dominant təsirindən narahatlıqla bəhs olunmuş, televiziya işçiləri üçün Moitorinq Mərkəzinin təşkil edəcəyi təlimlərin bu istiqamətdə də xüsusilə faydalı olacağı bildirilmişdir. Sonda Radik İsmayılov görüşdə iştirak etdiyi üçün professor Sevinc Əliyevaya təşəkkür edərək ARB-24 telekanalının Mərkəzlə əməkdaşlığa hazır olduğunu nəzərə çatdırmışdır.