Ana dilimiz milli varlığımızın aynasıdır
Müsahibimiz Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyevadır.
– Sevinc xanım, söhbətə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin fəaliyyət istiqamətlərindən başlayaq.
– Monitorinq Mərkəzinin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarəti həyata keçirmək, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin etməkdir. 2020-ci ilin oktyabr ayından işə başlayan mərkəz dövlətin dil siyasətindəki əsas prinsipləri, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanda əksini tapan tələbləri rəhbər tutaraq mühüm və zəruri tədbirlər həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ana dilimizin saflığının qorunmasına, düzgün tətbiqinə, inkişaf etdirilməsinə və təbliğ olunmasına yönələn dil siyasəti, bu sahədə gerçəkləşdirdiyi əsaslı tədbirlər öz müsbət nəticəsini verməkdədir.
– Son 2 ildə apardığınız monitorinqlər hansı prinsiplərə əsaslanır?
– Monitorinq dil mühitində baş verən dəyişikliklərin, yeniliklərin və onların inkişafının daim izlənilməsi sistemi, dil faktlarının müşahidəsi, toplanılması, təhlili, qiymətləndirilməsi və effektivliliyinin proqnozlaşdırılmasıdır. Monitorinqin keçirilməsində məqsəd ədəbi dil normalarının pozulması hallarını aşkara çıxarmaq, təhlil etmək, statistik baxımdan araşdırmaq, qüsurların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirməkdir. Monitorinqin prinsiplərinə gəlincə, burada əhatəlilik, şəffaflıq, obyektivlik və müqayisə əsas şərtdir. Biz müxtəlif vaxtlarda apardığımız monitorinqlərin nəticələrini real faktlara əsaslanaraq, dəqiq müqayisələrlə ümumiləşdiririk. Bu da dilin mənzərəsini tam şəkildə ehtiva edir. Sevindirici haldır ki, apardığımız monitorinqlərdən sonra ədəbi dilin qorunması istiqamətində müsbət dinamikanın şahidi oluruq.
– Azərbaycan dilinin tətbiqinə nəzarət və ədəbi dil normalarının qorunması ilə bağlı Monitorinq Mərkəzində son bir ildə hansı işlər görülmüşdür?
– 2022-ci il mərkəz üçün çox uğurlu olmuşdur. Burada son bir ildə ayrı-ayrı sahələr üzrə monitorinqlərin nəticələrini əks etdirən 4 kitab nəşr edilmiş və nəticələr geniş ictimaiyyətə açıqlanmışdır. Çap olunmuş kitabların adlarını diqqətinizə çatdırmaq istərdim: “Televiziyaların dili monitorinq aynasında”, “Dublyajlar və Azərbaycan dili”,“Radioların dili monitorinq aynasında”, “Qəzetlərin dili monitorinq aynasında”.
12 televiziya kanalının monitorinqinin nəticələrinə həsr olunmuş 500 səhifəlik “Televiziyaların dili monitorinq aynasında” adlı kitabda televiziya aparıcıları, müxbir, ekspert və qonaqların nitqində müşahidə edilmiş fonetik, qrammatik, leksik norma pozuntuları, üslub və ifadə yanlışlıqları, eləcə də titrlərdə yol verilmiş xarakterik səhvlər öz əksini tapmışdır. Aşkarlanmış 6 min dil faktından 4 min 753-ü kitaba daxil edilmişdir. Onlardan 1017-si orfoepik, 233-ü orfoqrafik, 1346-sı leksik, 651-i qrammatik, 1506-sı isə üslub və ifadə səhvidir.
Müşahidə olunan səhvlər onu göstərir ki, televiziyaların dili ilə bağlı vəziyyət heç də qənaətbəxş deyildir. Monitorinqin nəticələrinə həsr olunmuş müzakirədə televiziya kanallarının rəhbərləri, redaktorlar, dil üzrə mütəxəssislər və KİV nümayəndələri iştirak etmişlər. Ana dilimizin saflığının qorunması ilə bağlı geniş müzakirələr aparılmış, mərkəz problemin həlli istiqamətində tövsiyə və təkliflərlə çıxış etmişdir.
Fürsətdən istifadə edərək diqqəti dublyaj filmlərinə də yönəltmək istərdim. Ümummilli lider Heydər Əliyevin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Prezident Fərmanında əcnəbi ölkələrdə istehsal edilmiş və Azərbaycanda nümayiş etdirilmək üçün alınmış kino və televiziya məmulatlarının Azərbaycan dilinə dublyajı işinin lazımi səviyyədə qurulması və ölkə ərazisində xarici kino və telefilmlərin Azərbaycan dilində nümayiş etdirilməsi məsələləri qeyd olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət proqramı” haqqında 2013-cü il 9 aprel tarixli 2 min 837 nömrəli Sərəncamda isə elmi, bədii və publisistik əsərlərin orijinaldan tərcüməsi, eləcə də filmlərin dublyajı sahəsində qüsurların aradan qaldırılması kimi məsələlər öz əksini tapmışdır.
Təqdiredici haldır ki, televiziya kanallarında göstərilən xarici filmlərin, demək olar ki, hamısı Azərbaycan dilinə tərcümə edilmişdir. Bununla belə, nümayiş etdirilən dublyaj filmlərində kifayət qədər tərcümə xətaları, ədəbi dil normalarından sapma halları da müşahidə olunur. Bunu nəzərə alaraq, Monitorinq Mərkəzi dövlət büdcəsi ilə maliyyələşən televiziya kanallarından AzTV, İTV, İdman TV, özəl kanallardan “Space” TV, ATV, “Xəzər” TV, ARB, ARB 24, region kanallarından isə ARB “Günəş”də yayımlanan dublyaj filmlərini monitorinqə cəlb etmişdir. Dublyajların monitorinqi televiziya kanallarında yayımlanan bədii film, sənədli film, cizgi filmi və teleseriallarda səsləndirilən dil faktlarının toplanması nəticəsində gerçəkləşmişdir. Faktların təhlili zamanı çoxlu orfoepik, leksik, qrammatik norma pozuntularına, eyni zamanda yanlış ifadələrə, tərcümə zamanı yol verilən üslubi xətalara rast gəlinmişdir.
Radioların dilinin monitorinqinə gəlincə, qeyd etmək istərdim ki, Azərbaycan dünya informasiya məkanında dəqiq və etibarlı xəbərləri ilə seçilən bir dövlətdir. Ölkəmizin kütləvi informasiya vasitələri içərisində xüsusi yer tutan radionun informasiyanın operativ çatdırılması, ictimai şüurun formalaşdırılması, eləcə də estetik və mənəvi dəyərlərin aşılanmasında müstəsna əhəmiyyəti vardır. Respublikada fəaliyyət göstərən 11 radio kanalının monitorinqi aparılmış, aparıcı və qonaqların nitqində müşahidə olunan orfoepik, leksik, qrammatik və üslubi xətalar geniş təhlil edilmişdir.
Radio günümüzdə kifayət qədər auditoriyası olan və kütləviliyi ilə fərqlənən, düzgün danışıq qaydalarını təbliğ edən yüksək nitq mədəniyyəti tribunasıdır. Bu baxımdan, radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli, səlis nitqə malik olmalı və ədəbi dil normalarına əməl etməlidirlər. Təhlillər göstərir ki, söz və şəkilçilərin, hətta səslərin yanlış tələffüzü, vurğunun yerində işlədilməməsi radio verilişlərində tez-tez rast gəlinən nitq qüsurlarıdır. Təəssüf ki, bəzi aparıcılar ölkə və şəhər adlarını, abreviaturaları, Avropa mənşəli alınma sözləri, hətta milli sözləri belə düzgün tələffüz etmirlər.
Digər dil səviyyələrində də norma pozuntuları, üslub və ifadə səhvləri monitorinq zamanı qeydə alınmışdır. Məsələn, bəzi aparıcıların nitqində belə ifadələr təəssüf hissi doğurur: “Birdən əyləcləyir, dayanır, birdən maşın kəllə atır”. “Avtobus sürücüsü bir də baxırsan ki, tüstüləyə-tüstüləyə gedir”, “Əllə manevr eləyirsən ki, çək sağa da, görürsən, heç nə, lom kimi baxır üzünə”. Təəssüf ki, məhəlli sözlər, varvarizm və dialektizmlər də aparıcıların nitqində müşahidə olunur: “Səhər tezdən bu nə söhbətdir, alə?” və s.
Verilişlərə dəvət olunan qonaqların əksəriyyəti cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən ayrı-ayrı peşə sahibləridir. Hansı sahədə çalışmasından asılı olmayaraq verilişə dəvət edilən şəxs öz danışığını ədəbi dilin normaları əsasında qurmalı və nitq mədəniyyəti tələblərinə əməl etməlidir. Bu sahəyə redaktor və aparıcıların xüsusi diqqət yetirməsi vacibdir.
Qəzetlərin dili ilə bağlı aparılmış monitorinqi xüsusi qeyd etmək istərdim. Əsası görkəmli maarifçi-demokrat Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan milli mətbuatı zəngin inkişaf yolu keçmişdir. Dövlətimiz tərəfindən mətbuatın inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə hərtərəfli qayğı göstərilir. Azərbaycan Mətbuat Şurasının, Medianın İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Audiovizual Şurasının yaradılmasının, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi bunun bariz nümunəsidir. Qəzetlərin dili ilə bağlı cari ilin noyabr ayında keçirdiyimiz “Qəzetlərin dili monitorinq aynasında” adlı müzakirə də yaddaqalan oldu. Tədbir kütləvi informasiya vasitələrində geniş işıqlandırıldı. Məlumat üçün deyim ki, bu dəfə 7 qəzetin (“Azərbaycan müəllimi”, “Yeni Azərbaycan”, “Mədəniyyət”, “Səs”, “Şərq”, “Tibb qəzeti”, “Elm”) dili monitorinqə cəlb olunmuşdu. Monitorinq zamanı aşkar edilmiş nöqsanlar özünü daha çox müəllif yazılarında və xarici KİV-dən tərcümə edilən mətnlərdə göstərir.
“Qəzetlərdə bəzən müsahibin nitqi olduğu kimi, yəni korrektə olunmadan verilir. Onu da qeyd edək ki, bəzən məqalələrin sərlövhələri mətnin məzmununa uyğun gəlmir, onun mahiyyətini düzgün əks etdirmir və dil normalarının tələblərinə cavab vermir. Məsələn, “Gözlənilməz körpələr”, “Əmir Teymur Samarada görünəcək” və s. Qəzetlərin dili ilə bağlı aparılmış monitorinq 3 istiqamətdə – orfoqrafik, leksik və qrammatik normalar üzrə araşdırılmış, xeyli sayda üslub və ifadə səhvləri aşkar edilmişdir. Müşahidələr göstərir ki, KİV nümayəndələri son illərdə təsdiq edilmiş orfoqrafiya normaları və düzgün yazı təliminin yeganə istinad mənbəyi olan “Orfoqrafiya lüğəti” ilə yaxından tanış deyillər.
– Mediada və ictimai yerlərdə yayımlanan reklamların dilini necə qiymətləndirirsiniz? Real vəziyyət necədir?
– Reklamlar hazırlanarkən onların dizaynına, cəlbediciliyinə üstünlük verildiyi halda, təəssüf ki, mətnlərdə Azərbaycan dilinin normalarına riayət edilməsi məsələsinə lazımi diqqət yetirilmir. Reklamlardakı kobud dil qüsurları, mətnlərin natamam yazılması, əcnəbi dildə yazılma faktları, bəzən etik normalara sığmayan ifadələrin işlədilməsi ana dilimizə olan laqeyd münasibətin göstəricisidir.
“Azərbaycan Respublikasında dövlət dili haqqında Qanun”un 7.1-ci maddəsində göstərilir: “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”. Eləcə də “Reklam haqqında Qanun”un 4.7-ci maddəsində də qeyd edilir ki, dövlət dili haqqında qanunun müddəalarına riayət edilməlidir. Amma reklam lövhələrində, televiziya kanallarında nümayiş etdirilən reklam çarxlarında, internet səhifələrindəki reklam mətnlərində addımbaşı dil normalarının bütün səviyyələrdə pozulduğunu görürük.
Bildirmək istəyirəm ki, reklam sahəsində Azərbaycan dilinin düzgün tətbiqi məsələləri də mərkəzin fəaliyyət planında yer almışdır. Mərkəz bu sahədə reklam lövhələrinin, ticarət və iaşə obyektlərinin, müəssisələrin, idarə və təşkilatların, ofislərin və s. adlarının Azərbaycan dilində yad ünsürlərdən təmizlənməsi, yersiz sözalmaların qarşısının alınması, Azərbaycan dilinin məişət və xidmət səviyyəsində işləkliyi və inkişafı sahəsində tədbirlərin həyata keçirilməsi kimi vəzifələri müəyyənləşdirmişdir.
Hazırda Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin təşəbbüsü ilə yaradılan Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, Əqli Mülkiyyət Agentliyi və AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşlarından ibarət komissiya fəaliyyət göstərir. Komissiyanın iclaslarında dövlət dili ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət edilməsinə nəzarətin həyata keçirilməsi, bu sahədə təxirəsalınmaz tədbirlərin icrası və qaldırılan məsələlərin yerində araşdırılması və digər bu kimi məsələlər müzakirə edilir.
Qeyd etmək istəyirəm ki, artıq açıq məkanda yerləşdirilən reklam mətnləri, ictimai iaşə və obyekt adları ilə bağlı monitorinqə başlanılmışdır. Şəhərimizin müxtəlif prospekt və küçələrindəki reklam mətnləri üzərində aparılan monitorinqin ilkin nəticələri məlumdur. Təəssüf ki, monitorinqin nəticələri ürəkaçan deyil. Biz reklam lövhələrində dil normalarının gözlənilməsi ilə bağlı Azərbaycan Dövlət Reklam Agentliyi ilə mütəmadi əlaqələr yaradır, onların suallarını cavablandırır, müvafiq tövsiyə və təkliflərimizi veririk. Onu da qeyd edim ki, Azərbaycan Dövlət Reklam Agentliyinin əməkdaşlarına təlimlərin keçilməsi, reklam mətnlərindəki dil qüsurlarının aradan qaldırılması məqsədilə ADRA və Monitorinq Mərkəzi arasında əməkdaşlığa dair yaxın vaxtlarda müqavilənin bağlanılması gözlənilir.
– Sevinc xanım, müsahibələrinizdə qeyd etmisiniz ki, mahnıları da monitorinqə cəlb etmisiniz. Bu hansı zərurətdən irəli gəlmişdir?
– Son vaxtlar ifaçıların nitqi, mahnı mətnlərinin dili ilə bağlı mərkəzə çoxsaylı müraciətlər olur, ziyalılarımız öz narazılıqlarını bildirirdilər. Mahnı mətnləri Azərbaycan ədəbi dilinin normalarına tam cavab vermir. Aktuallığı nəzərə alaraq, mahnı mətnlərinin dilini də monitorinqə cəlb etdik. Məlum oldu ki, mahnı mətnlərinin dili olduqca bəsit və bayağıdır. Son dövrlərdə gənc ifaçılar tanınmış şairlərimizin şeirlərinə az müraciət edirlər.
Gənc nəslin tərbiyəsinə mənfi təsir göstərən, tüfeyli həyata sövq edən, zərərli vərdişləri təbliğ edən xeyli sayda mahnı vardır. Mahnı mətnlərində dilin bütün səviyyələrində ədəbi dil normaları kobud şəkildə pozulur. Sözlər düzgün tələffüz edilmir. Misralar arasında məntiqi əlaqə yoxdur. Başdan-başa söz yığınından ibarət olan mahnılar da çoxdur. “İzin ver” adlı bir mahnının sözlərinə diqqət edək:
“Telləri al yana, dilbər,
Zülfünə hümra deyim.
Üzü ay, çeşmi siyah,
Əsmana qoy şəms deyim”.
Göründüyü kimi, sözlərdən yerində və düzgün istifadə olunmayıb. Buna görə də müəllifin bu misralarla nə demək istədiyi aydın olmur. “Melanxoliya” mahnısında “Eh, hər mühitə dair olmadım”, “Oppalara” mahnısında “İkimiz bir yerdə olanda ürəyimə bal yaxılır”, başqa bir mahnıda “Vurğunam sənə, boyu sərvinaz” ifadələri də eyni qəbildəndir.
Qeyd edək ki, monitorinqin nəticələrinə həsr olunmuş “Mahnılarımız və Azərbaycan dili” mövzusunda böyük bir müzakirə keçirməyi planlaşdırırıq.
Müsahibəni çapa hazırladı:
Tahir AYDINOĞLU,