“Ana dili və ziyalı təəssübkeşliyi” layihəsi çərçivəsində Xalq şairi Vahid Əzizlə görüş
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Ana dili və ziyalı təəssübkeşliyi” adlı layihə çərçivəsində Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vahid Əzizlə görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru professor Sevinc Əliyeva qurumun fəaliyyəti və əməkdaşları barədə ətraflı məlumat vermiş, ana dilinin saflığının qorunması istiqamətində görülən işlər, həyata keçirilən yerli və beynəlxalq layihələrı qonağın diqqətinə çatdırmışdır. Azərbaycan dilinin tətbiqi və ədəbi dil normalarına riayət olunması, bu sahədə olan problemlərin müzakirəsi məqsədilə təşkil olunan tədbirdə ana dilinin hazırkı praktik vəziyyəti, yol verilən xarakterik nöqsanlardan bəhs olunmuşdur. Professor Sevinc Əliyeva mərkəzin əsas fəaliyyət istiqaməti olan monitorinqlər zamanı aşkar edilən dil faktlarından danışmış, leksik normanın pozulması, alınma sözlərdən yersiz istifadə, dilimizə yad intonasiya və cümlə tiplərinin tətbiq edilməsini təəssüflə vurğulamışdır. Çıxış edən Xalq şairi Vahid Əziz doğma dilin tətbiqi ilə bağlı ziyalıların narahatlığını dilə gətirərək bildirmişdir ki, ana dilini qorumaq hər kəsin üzərinə düşən ən mühüm vəzifədir. Dilin praktik vəziyyəti ilə bağlı iradlarını bildirən şair dublyaj və reklam sahəsində olan nöqsanları xüsusi vurğulayaraq şəxsi müşahidələrini mərkəzin əməkdaşları ilə bölüşmüşdür. Tədbir Azərbaycan dilinin gözəlliyi və ahəngdarlığını ehtiva edən Vahid Əziz poeziyası ilə davam etmişdir.