Layihələr

“Ana dili və ziyalı təəssübkeşliyi” layihəsi çərçivəsində tədbir

18.01.2022
“Ana dili və ziyalı təəssübkeşliyi” layihəsi çərçivəsində tədbir
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Ana dili və ziyalı təəssübkeşliyi” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir. Tədbirin budəfəki qonağı təhsil üzrə ekspert Nabatəli Qulamoğlu olmuşdur. Mərkəzin direktoru professor Sevinc Əliyeva tədbiri giriş sözü ilə açaraq Mərkəz tərəfindən aparılan monitorinqlərin əhəmiyyətini nəzərə çatdırmışdır. Natiq ədəbi dilin əsas daşıyıcısı kimi kütləvi informasiya vasitələrinin əhəmiyyətini xüsusilə vurğulamış və doğma dilin təbliğində onların müstəsna rolu olduğunu bildirmişdir. Professor Sevinc Əliyeva qeyd etmişdir ki, Mərkəz tərəfindən kütləvi informasiya vasitələrində aparılan monitorinqlərin nəticələrinin əks olunduğu hesabatlar yazılı və şifahi nitqdə yol verilən norma pozuntuları, eləcə də ana dilinin tətbiqinin hazırkı praktik vəziyyəti kimi məsələləri özündə ehtiva edir.
Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu çıxışında Monitorinq Mərkəzinin uğurlu fəaliyyətini nəzərə çatdıraraq, dilimizin saflığı və düzgün tətbiqi istiqamətində atılan addımları yüksək qiymətləndirmişdir. Natiq ana dilinin qorunmasında ziyalı mövqeyindən söz açaraq bu amal uğrunda əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdir. Tədbirdə müasir Azərbaycan dilində punktuasiya problemləri, alınma sözlərin yazılışı, tələffüzü və s. kimi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Monitorinq Mərkəzinin əməkdaşlarının irəli sürdüyü təkliflər müzakirə edilmiş, bu təkliflər ekspert Nabatəli Qulamoğlu tərəfindən yüksək dəyərləndirilmişdir.