“Ana dili və ziyalı təəssübkeşliyi” layihəsi çərçivəsində şair Baba Vəziroğlu ilə görüş
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Ana dili və ziyalı təəssübkeşliyi” layihəsi çərçivəsində şair, nasir, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüş keçirilmişdir. Azərbaycan dilinin tətbiqi və ədəbi dil normalarına riayət olunması, bu sahədə olan problemlərin müzakirəsi məqsədilə təşkil olunan tədbirdə ana dilinin praktik vəziyyəti və mövcud tətbiq sahələrindən bəhs olunmuşdur. Professor Sevinc Əliyeva bildirmişdir ki, kütləvi informasiya vasitələri, reklam daşıyıcıları, mahnı janrı, eləcə də dublyaj filmlərində aparılan monitorinqlər zamanı aşkar edilən faktlar dilin tətbiqi ilə bağlı ciddi nöqsanların olmasını deməyə əsas verir. Xüsusən də alınma sözlərdən yersiz istifadə, dilimizə yad intonasiya və cümlə tiplərinin tətbiq edilməsi, dilin sabit sintaktik quruluşuna müdaxilə halları təəssüflə vurğulanmışdır. Poeziya ilə bilavasitə bağlı olan mahnıların da monitorinq olunduğunu qeyd edən Sevinc Əliyeva mövcud mənzərənin yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacağını nəzərə çatdırmışdır.
Doğma dilin tətbiqi ilə bağlı ziyalıların mövqeyini ifadə edən söz ustadı Baba Vəziroğlu poeziyanı bütün zamanlarda yalnız bədii düşüncə və təxəyyül məhsulu kimi yox, həm də dil hadisəsi kimi dəyərləndirmişdir. Azərbaycan dilini mənəviyyatımız, mədəniyyətimiz və varlığımızın atributu adlandıran şair onun saflığının qorunmasında ziyalıların, alim və müəllimlərin üzərinə düşən məsuliyyətdən danışmışdır. Poeziyanın dilində, eləcə də bədii ədəbiyyatda son zamanlar müşahidə olunan ciddi norma pozuntularına toxunan Baba Vəziroğlu söz sənətinə qeyri-peşəkar yanaşmanın nəticəsində mətn ilə şeirin fərqləndirilməməsinin, yazarların Azərbaycan dilini mükəmməl bilmədikləri səbəbilə şeirlərdə bölgü nizamsızlığının, obrazların dili ilə təsvir vasitəsinə üstünlük verildiyi üçün ədəbi dildən kənarlaşmanın, həmçinin milli ədəbiyyatımıza əcnəbi sözlərin sirayətinin müşahidə olunduğunu qeyd etmişdir. Azərbaycan dilinin praktik vəziyyətinin müzakirəsilə davam edən tədbirdə fəaliyyətə başladığı gündən etibarən ziyalıların Monitorinq Mərkəzi ilə əməkdaşlığı və dəstəyi xüsusi vurğulanmışdır.
Tədbir Azərbaycan dilinin zənginliyi, gözəlliyi və ahəngdarlığını ehtiva edən Baba Vəziroğlu poeziyası ilə yekunlaşmışdır.