Layihələr

“Ana dili və ziyalı təəssübkeşliyi” layihəsi çərçivəsində Əməkdar artist Nərgiz Cəlilova və Afaq Vasifqızı ilə görüş

06.05.2022
“Ana dili və ziyalı təəssübkeşliyi” layihəsi çərçivəsində Əməkdar artist Nərgiz Cəlilova və Afaq Vasifqızı ilə görüş

   Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Ana dili və ziyalı təəssübkeşliyi” layihəsi çərçivəsində tanınmış teleaparıcı, Əməkdar artist Nərgiz Cəlilova və “Telefilm” Yaradıcılıq Birliyinin Redaksiya kollegiyasının rəhbəri Afaq Vasifqızı ilə görüş keçirilmişdir. Teleməkanda dilimizin tətbiqi və ədəbi dil normalarına riayət olunması, bu sahədə olan problemlərin müzakirəsi məqsədilə təşkil olunan görüşdə ana dilinin praktik vəziyyətindən, yol verilən xarakterik nöqsanlardan bəhs olunmuşdur. Ədəbi dilin təbliğində kütləvi informasiya vasitələrinin xüsusi mühüm rol oynadığını bildirən Mərkəzin direktoru professor Sevinc Əliyeva televiziyada alınma sözlərdən yersiz istifadənin, yad intonasiya və dilimizə xas olmayan cümlə tiplərinin efirdə tətbiqinin yolverilməz olduğunu vurğulamışdır. Mərkəz tərəfindən aparıcıların və müxbirlərin nitqi monitorinqə cəlb edilərkən ayrı-ayrı səslərin, söz və ifadələrin, qrammatik formaların yanlış tələffüzü, vurğunun düzgün qoyulmaması, leksik vahidlərin aid olmadığı mənada işlədilməsi kimi ciddi nitq qüsurlarının ortaya çıxarıldığı nəzərə çatdırılmışdır. Monitorinqlərin prinsip və vəzifələrindən danışan S.Əliyeva bildirmişdir ki, onların aparılmasında məqsəd yalnız qüsurların müəyyən edilməsi deyil, həm də onların aradan qaldırılması üçün müvafiq tövsiyə və təkliflərin verilməsidir. Tanınmış teleaparıcı Nərgiz Cəlilova televiziyalarda yol verilən xarakterik səhvləri təəssüf hissi ilə qeyd etməklə məişət üslubunun efirdə istifadə olunmasından, yad intonasiyanın dilimizə güclü təsirindən, orfoepiya qaydalarına riayət edilməməsindən narahatlığını bildirmişdir. Natiq auditoriya, tamaşaçı qarşısına çıxan hər kəsin ədəbi dildə danışmağı bacarmasının, nitqinin dialekt elementlərindən uzaq olmasının vacibliyini vurğulamışdır. Qonaqlar Azərbaycan dilinin düzgün tətbiqi və saflığının qorunması istiqamətində Monitorinq Mərkəzinin gördüyü işləri, həyata keçirdiyi layihələri yüksək qiymətləndirərək bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını da nəzərə çatdırmışlar.