Layihələr
“Ana dili və ziyalı təəssübkeşliyi” adlı tədbir
14.01.2022
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Ana dili və ziyalı təəssübkeşliyi” adlı tədbir keçirilmişdir. Televiziya kanallarında Azərbaycan dilinin tətbiqi və ədəbi dil normalarına riayət olunması və bu sahədə olan problemlərin müzakirəsi məqsədilə təşkil olunan tədbirdə Mərkəzin əməkdaşları, yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Seyran Səxavət, şair Cığatel İsaqızı iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru professor Sevinc Əliyeva televiziya məkanında ana dilinin hazırkı praktik vəziyyətini, yol verilən xarakterik nöqsanları görüş iştirakçılarının diqqətinə çatdırmışdır. Professor Sevinc Əliyeva bildirmişdir ki, kütləvi informasiya vasitələri ədəbi dilin daşıyıcısı və təbliğatçısı kimi mühüm missiyanı yerinə yetirir. Natiq diqqətə çatdırmışdır ki, Mərkəz tərəfindən televiziya aparıcılarının nitqi monitorinqlərə cəlb edilmiş və qeydə alınmış səhvlərin 4800-ü hesabatda öz əksini tapmışdır. Monitorinq zamanı televiziya kanallarında ana dilinin tətbiqi zamanı aşkar edilən qüsurların təqribən 1500-nün məhz üslub və ifadə səhvləri olması təəssüf doğuran məqam kimi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, hər bir aparıcının televiziyaya "fərdi" üslub gətirmək cəhdi dilin saflığının pozulmasına gətirib çıxarır. Nitqi, dilin ümumi mənzərəsini korlayan məqamlardan danışarkən leksik normanın pozulması, alınma sözlərdən yersiz istifadə, yad intonasiyadan istifadə, dilimizə xas olmayan cümlə tipləri xüsusilə vurğulanmışdır.
Məruzə ilə çıxış edən yazıçı, şair Seyran Səxavət hazırda efir məkanında doğma dilin tətbiqi ilə bağlı ziyalıların narahatlığını da dilə gətirərək bildirmişdir ki, ana dilini qorumaq hər kəsin üzərinə düşən ən mühüm vəzifədir. Televiziya kanallarında yol verilən nöqsanlardan ətraflı bəhs edən ədib şəxsi müşahidələri nəticəsində topladığı dil faktlarını Mərkəzin əməkdaşları ilə müzakirə etmişdir. Natiq bildirmişdir ki, aparıcıların nitqi anlaşılan olmaqla yanaşı, bütün normaları düzgün şəkildə özündə ehtiva etməlidir. O, bunlarla yanaşı, mövcud problemlərin həlli ilə bağlı praktik təkliflərlə də çıxış etmiş, nöqsanların aradan qaldırılması üçün cərimələrin tətbiqinin labüdlüyünü də diqqətə çatdırmışdır.
Şair Cığatel İsaqızı çıxış edərək ata-babalarımızdan bizə əmanət olan ana dilimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsinin hər birimizin vətəndaşlıq borcu olduğunu dilə gətirmişdir.
Görüşdə mövzu ətrafında müzakirələr zamanı teleradio məkanında yol verilən nöqsanların aradan qaldırılması ilə bağlı bir sıra təkliflər səsləndirilmiş. Bununla yanaşı, Monitorinq Mərkəzinin Azərbaycan dilinin saflığının qorunmasına xidmət edən layihələri haqqında da ətraflı məlumat verilmişdir.
İştirak edən ziyalılar ana dilinin qorunması və təbliği üçün əllərindən gələni əsirgəməyəcəklərini və Monitorinq Mərkəzinin fəaliyyətinə böyük məmnuniyyətlə yardımçı olacaqlarını diqqətə çatdırmışlar. Bildirilmişdir ki, bu prosesə Azərbaycan dilini mükəmməl bilən bütün vətəndaşlarımız, ziyalılarımız qoşulmalıdır.