ADRA əməkdaşlarına təlimlər keçiləcəkdir
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir. Görüşdə reklam daşıyıcılarında Azərbaycan dilinin düzgün tətbiqi məsələləri müzakirə edilmiş, dilimizin saflığının qorunmasının vacibliyi diqqətə çatdırılmışdır. Fikir mübadiləsi zamanı reklam lövhələrində yol verilən nöqsanların statistikasının ADRA tərəfindən hazırlandığı iştirakçıların nəzərə çatdırılmış, eləcə də qanunvericiliyin tələblərinə cavab verməyən reklamların yayımının dayandırıldığı bildirilmişdir. Reklamın yaradıcı sahə olduğunu qeyd edən Monitorinq Mərkəzinin əməkdaşları mətnlərdə ədəbi dil normalarının gözlənilməsi, eləcə də dil vahidlərindən düzgün və yerində istifadə edilməsi ilə yanaşı, sahibkarların fikir və ideyalarının nəzərə alınmasını da diqqətə çatdırmışlar. Açıq məkan reklamlarında Azərbaycan dilinin saflığının qorunması və düzgün tətbiqi məqsədilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi mütəxəssislərinin ADRA-nın bu sahəyə məsul əməkdaşları üçün təlim keçməsi qərara alınmışdır. Təlimlə yanaşı, Mərkəzin əməkdaşları tərəfindən reklam mətnlərinin redaktəsi, eləcə də yeni termin və sözlərin dilimizə uyğunlaşdırılması və qarşılığının verilməsi məsələləri də müzakirə edilmişdir.