Layihələr

ADRA əməkdaşlarına təlim

10.03.2023
ADRA əməkdaşlarına təlim

     Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində ADRA əməkdaşlarına təlim keçilmişdir. Reklam daşıyıcılarında dövlət dilinin saflığının qorunması, Azərbaycan ədəbi dil normalarının düzgün tətbiqinin təmin edilməsi məqsədilə təşkil edilən təlimi giriş sözü ilə açan Mərkəzin direktoru professor Sevinc Əliyeva Azərbaycan dilinin ən geniş tətbiq sahələrindən olan reklamlarda ciddi nöqsanların mövcudluğunu nəzərə çatdırmışdır. Açıq məkan reklam daşıyıcılarında Mərkəzin apardığı monitorinqin nəticələrindən çıxış edərək reklamlarda dilin mənzərəsi ilə bağlı qənaətlərini bölüşən S.Əliyeva dövlət dilinə etinasız münasibətdən, reklam mətnlərinin tərtibi zamanı yol verilən səciyyəvi orfoqrafik, leksik səhvlərdən danışmışdır. Reklamlarda dilin mənzərəsi və pozulma mənbələrinə toxunan natiq onu da əlavə etmişdir ki, sahibkarlarımız da dilin saflığının qorunmasında maraqlı olmalıdırlar. Mərkəzin direktoru S.Əliyeva ADRA ilə davamlı əməkdaşlığın vacibliyini vurğulamaqla müvafiq maarifləndirici təlimlərin sözügedən sahədə mövcud nöqsanların aradan qaldırılmasına öz töhfəsini verəcəyini əminliklə bildirmişdir.

     ADRA əməkdaşlarına təlim keçən Mərkəzin şöbə müdiri dosent Şahlar Məmmədov və aparıcı mütəxəssis Səma Vəliyeva açıq məkan reklamlarında müşahidə olunan norma pozuntuları barədə ətraflı məlumat vermişlər. Ş.Məmmədov Mərkəzin apardığı monitorinq zamanı aşkar edilən dil faktlarını geniş şərh edərək onların müvafiq izahını verməklə ədəbi dilə uyğun düzgün variantlarını təqdim etmişdir. İnteraktiv şəkildə davam edən təlimdə ADRA əməkdaşlarının dil vahidləri ilə bağlı üzləşdiyi çətinliklər, əcnəbi sözlərin qarşılığının dəqiqləşdirilməsi, reklam mətnlərində işlənən yeni termin və sözlərin dilimizin yazı sisteminə uyğunlaşdırılması kimi məsələlər müzakirə edilmişdir. Sahlar Məmmədov və Səma Vəliyeva təlim iştirakçılarını maraqlandıran sualları cavablandırılmaqla müvafiq tövsiyələr də vermişlər.