Media

ADRA əməkdaşlarına "Reklam daşıyıcılarında (açıq məkan) Azərbaycan dilinin düzgün tətbiqi" mövzusunda keçilən təlimlərə həsr olunmuş tədbir

14.06.2023
ADRA əməkdaşlarına "Reklam daşıyıcılarında (açıq məkan) Azərbaycan dilinin düzgün tətbiqi" mövzusunda keçilən təlimlərə həsr olunmuş tədbir

          Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində Azərbaycan Dövlət Reklam Agentliyinin əməkdaşlarına keçilmiş üç aylıq təlimin yekunları ilə bağlı tədbir təşkil olunmuşdur.

         Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru professor Sevinc Əliyeva təlimlərin açıq məkanlardakı reklamlarda Azərbaycan dilinin saflığının qorunması və dövlət dili normalarının düzgün tətbiqinin təmin edilməsi məqsədilə təşkil olunduğunu, təlim zamanı bilik və bacarıqların praktik əhəmiyyəti nəzərə alınmaqla reklam mətnlərindən seçilmiş nümunələrin təhlilinə üstünlük verildiyini bildirmişdir.

           Reklam daşıyıcılarında ədəbi dil normalarının bir çox hallarda kobud şəkildə pozulduğunu təəssüf hissi ilə qeyd edən natiq Monitorinq Mərkəzinin açıq məkanlardakı reklamlarda apardığı monitorinqin nəticələrinin yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağını diqqətə çatdırmış, sözügedən sahədə mövcud nöqsanların aradan qaldırılmasında ADRA ilə davamlı əməkdaşlığın töhfə verəcəyini əminliklə bildirmişdir.

           ADRA-nın şöbə müdiri Elçin Mahir professor Sevinc Əliyeva və rəhbərlik etdiyi kollektivə, o cümlədən təlimçilərə − şöbə müdiri dos. Şahlar Məmmədov, baş mütəxəssis Mətanət Xudiyeva və aparıcı mütəxəssis Səma Vəliyevaya təşəkkürünü bildirərək əməkdaşlığın bundan sonra da davam etdirilməsininin zəruriliyini vurğulamışdır.

         Tədbirin sonunda təlimlərdə iştirak edən ADRA əməkdaşlarına sertifikatlar təqdim olunmuşdur.