Media

47 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti ilə görüş keçirilmişdir.

15.11.2023
47 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti ilə görüş keçirilmişdir.

   Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində 47 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti ilə görüş keçirilmişdir. Görüşdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnarə Rüstəmova, Azərbaycan dili və ədəbiyyatı müəllimi Aybəniz Rüstəmova, 9-cu və 10-cu sinif şagirdləri, Monitorinq Mərkəzinin əməkdaşları iştirak etmişlər. Prof. Sevinc Əliyeva qonaqları salamlayaraq görüşün Mərkəzdə keçirilməsindən məmnunluğunu ifadə etmişdir. Azərbaycan dili fənninin tədrisindəki mövcud vəziyyətdən – uğurlardan və problemlərdən bəhs edən S.Əliyeva 2023 – 2024-cü tədris ilində Azərbaycan dili üzrə dərs saatlarının artırılmasını, eyni zamanda rus bölmələrində Azərbaycan tarixi, Zəfər tarixi, Azərbaycan ədəbiyyatı, Musiqi, Çağırışaqədərki hazırlıq fənlərinin Azərbaycan dilində tədris olunmasını yüksək qiymətləndirmişdir.

   G.Rüstəmova dilimizə sevgi ilə yola çıxanlara qoşulmağa gəldiklərini və Azərbaycan dilinin saflığının qorunması istiqamətində səylərini birləşdirməklə bu müqəddəs işdə fəal iştiraka hazır olduqlarını bildirmiş və uğurlu əməkdaşlığın təməli olacaq bu tədbirin hər iki qurum arasında əlaqələrin  möhkəmlənməsinə töhfə verəcəyini vurğulamışdır.

   Tədbirdə həmçinin Azərbaycan dilinin tədrisi prosesində müəllimlərin qarşılaşdıqları mübahisəli məsələlər müzakirə olunmuş, şagirdlərin sualları Mərkəzin əməkdaşları tərəfindən cavablandırılmışdır.