Media
20 Yanvar ‒ Ümumxalq Hüzn Günü ilə bağlı tədbir
20.01.2022
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən 20 Yanvar ‒ Ümumxalq Hüzn Günü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdən əvvəl 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx təqdim olunmuş, Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərkəzin direktoru professor Sevinc Əliyeva tədbiri giriş sözü ilə açaraq 32 il əvvəl‒1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi təyinatlı dəstələrinin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər, günahsız insanlara qarşı həyata keçirilən qətliamdan bəhs etmişdir. O, bildirmişdir ki, qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar hadisələri tariximizin faciə və qəhrəmanlığı ehtiva edən nadir səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. Suverenlik, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizədə əhəmiyyətli rol oynayan bu günün tariximizə yalnız Azərbaycan xalqına qarşı törədilmiş cinayət, faciə kimi deyil, həm də istiqlal istəyinin ilk cücərtisi, milli iradəmizin zəfər çaldığı gün kimi həkk olunduğu vurğulamışdır. Natiq bildirmişdir ki, Azərbaycan xalqı hər zaman hüznlü günündə də, sevincli günündə də bir yumruq kimi birləşərək həmrəylik nümunəsi sərgiləyir.
Mövzu ətrafında məruzə ilə çıxış edən edən Mərkəzin direktor müavini dosent Gülarə Əmirova Qanlı Yanvar hadisələrini Azərbaycan xalqının müstəqilliyinin bərpası yolunda dönüş nöqtəsi kimi dəyərləndirmişdir. O, hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində ümummilider Heydər Əliyevin çıxışı barədə iştirakçılara ətraflı məlumat vermişdir. Vurğulanmışdır ki, ulu öndərin bu dəhşətli cinayəti kəskin şəkildə pisləyən, günahkarların cəzalandırılması tələbini irəli sürən bəyanatla çıxış etməsi faciəyə verilən ilk siyasi qiymət olmuşdur. Həmin günün hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi də məhz ulu öndərin təşəbbüsü və tapşırığı əsasında olmuşdur.
Həmin günlərin tarixi hadisələrinə ekskurs edən Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri dosent Şahlar Məmmədov 20 Yanvar hadisələrinədək Azərbaycan xalqının keçdiyi yol, bu faciəni şərtləndirən səbəblər haqda danışmış, o dövrdə mövcud sovet hökumətinin xalqımıza qarşı törətdiyi cinayət əməllərindən bəhs etmişdir. Natiq onu da əlavə etmişdir ki, hər bir xalq öz inkişaf tarixində şanlı-şərəfli salnamələr yaradır, burada həm faciə, həm də qəhrəmanlıqla dolu hadisələri izləmək mümkündür. Azərbaycan xalqı da məhz belə bir tarixi yol keçərək, öz müstəqilliyinə nail olmuşdur. Xalqın əzmini qırmaq istəyən sovet hakimiyyəti və ona sadiqlik nümayiş etdirən yerli rəhbərliyin laqeydliyi nəticəsində həmin gecə dinc, silahsız əhaliyə qarşı törədilən amansız cinayət xalqımızın müstəqillik əzmini boğa bilməmiş, hadisələrin məntiqi nəticəsi isə suveren Azərbaycan dövlətinin yaranması olmuşdur. Uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi bir tarix kimi yaddaşlara yazıldığı üçün 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini və bütövlüyünü heç vəchlə sarsıda bilməmişdir.
Reklam və kütləvi informasiya vasitələrinin monitorinqi şöbəsinin müdiri Vəfa İsmayılova çıxışında bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə saat 23:30-da fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə keçmiş SSRİ-nin qoşun hissələri yeridilmiş, dinc əhaliyə amansız divan tutulmuşdur. SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələri ağır silahlı texnika ilə Azərbaycana 5 istiqamətdə daxil olaraq dinc əhaliyə qarşı dəhşətli qətliam həyata keçirmişdir. Əvvəlcədən hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədini daşımışdır. O gecənin qaranlığında 147 insan amansızcasına qətlə yetirilmiş, 638-i yaralanmış, yüzlərlə insan itkin düşmüş, 841 nəfər isə qanunsuz olaraq həbs edilmişdir. 20 Yanvar faciəsi nəticəsində Azərbaycan SSR-in Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır.
Tədbir digər çıxışlarla davam etmişdir.