Media

“1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür”

01.08.2023
“1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür”

   Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində mədəniyyət paytaxtı Şuşa şəhərində “1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür” adlı tədbir keçirilmişdir. Tədbirdə mərkəzin əməkdaşları, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti filologiya üzrə fəlsəfə doktoru Aynur Paşayeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Bakı Mühəndislik Universitetinin tədris məsləhətçisi dosent Zabitə Teymurlu, Bakı Avrasiya Universitetinin Ümumi filologiya kafedrasının baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Zəminə Rüstəmbəyli, Laçın şəhər 1 nömrəli tam orta məktəbin direktoru Vəfa İsmayılova, Əməkdar jurnalist Mətanət Ağamirli, “Diksiya Akademiyası” MMC-nin rəhbəri Cəlalə Nəzəroğlu, “Ailə medical” tibb mərkəzinin direktoru Firəngiz Rüstəmova, “Art Mood” reklam şirkətinin təsisçi-direktoru Xəyalə Mütəllimova,  “Maestro School” proqramlaşdırma məktəbinin təsisçisi Mədinə Paşayeva və başqaları  iştirak etmişlər.

   Tədbiri giriş nitqi ilə  açan Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva doğma dilimizlə bağlı tədbirin Azərbaycanın mədəniyyət paytaxtında – Şuşa şəhərində keçirilməsindən böyük məmnunluq hissi duyduğunu, müstəqil və qalib dövlətimizin atributlarından biri – Azərbaycan dili haqqında məhz Şuşa şəhərində danışmağın şərəfli və qürurverici olduğunu bildirmişdir. S.Əliyeva Qarabağın incisi Şuşada Azərbaycan dili ilə bağlı ilk tədbirin keçirilməsini təmin edən, 44 günlük Vətən müharibəsinin qələbəsini Şuşa zəfəri ilə taclandıran Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Müzəffər Azərbaycan Ordusuna dərin minnətdarlıq hissini ifadə etmişdir. Bəşər mədəniyyətinin tərkib hissəsi olan dili mədəni dəyərlərin  ötürülməsi, qorunması və qavranılmasında mühüm amil kimi səciyyələndirən prof.Sevinc Əliyeva ana dilini və əlifbanı millətin siması, onun milli sərvəti və varlığının təsdiqi adlandırmışdır. Dövlətimizin ictimai-siyasi həyatında və yazı mədəniyyəti tarixində mühüm hadisə olan latın qrafikalı Azərbaycan əlifbasına keçidin tam təmin edilməsində, ana dilinin milli dövlətçiliyimizin əsas atributu kimi özünü təsdiq etməsi və qorunmasında, eləcə də dil siyasətinin formalaşdırılmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışan natiq millətin dilinin dövlət dili statusuna yüksəlməsini xalqın dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilin zənginliyinin sübutu kimi qiymətləndirmişdir. Qeyd edilmişdir ki, dövlətçilik tariximizə Heydər Əliyev dövrü kimi daxil olan 1969-2003-cü illərdə Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, əməli fəaliyyətdə də öz əksini tapmış, ulu öndər tərəfindən imzalanan sərəncam və fərmanlar ölkəmizdə dil siyasətinin mükəmməl konsepsiyasını, uzunmüddətli strategiyasını müəyyən etmişdir. Natiq onu da əlavə etmişdir ki, Monitorinq Mərkəzi bu fərman və sərəncamlardan irəli gələn məsələləri, dövlət dili ilə bağlı ulu öndərin göstərişlərini rəhbər tutaraq doğma dilin saflığının qorunmasına, azərbaycançılıq ideologiyasının təbliğinə öz töhfələrini verməkdədir.

   “Azərbaycan əlifbasının dünəni və bu günü” mövzusunda məruzə edən Mərkəzin direktor müavini dosent Gülarə Əmirova bəşəriyyətin ən böyük kəşflərindən sayılan yazının insan cəmiyyətinin inkişafında, mədəniyyətinin formalaşmasındakı mühüm rolunu qeyd etməklə onun ifadə vasitəsi olan əlifbanın çox qədim tarixi olduğunu vurğulamış və bildirmişdir ki, Azərbaycan xalqı müxtəlif dövrlərdə ictimai, siyasi və digər səbəblər üzündən bir sıra əlifba sistemlərindən istifadə etməli olmuşdur. Əlifba islahatları ilə bağlı xalqımızın maarifpərvər ziyalılarının apardığı mübarizədən söz açan natiq müstəqilliyimiz əldə olunduqdan sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpasını türk dünyasının birləşdirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirmişdir. Azərbaycan dilinin inkişafında və saflığının qorunmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayan G.Əmirova ulu öndərin “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” imzaladığı Fərmanın ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu və latın qrafikalı Azərbaycan əlifbasına keçidi bütövlükdə təmin etdiyini qeyd etmişdir.

   “Təhsildə Azərbaycan dili” adlı məruzə ilə çıxış edən fil.ü.f.d. Aynur Paşayeva bildirmişdir ki, müstəqilliyin bərpasından sonra elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil etmiş, ulu öndərin həyata keçirdiyi hər bir islahatın əsasında isə məhz milli təəssübkeşlik, milli-mənəvi dəyərlərə ehtiram dayanmışdır. O, ölkəmizdə dünyəvi təhsilə inteqrasiyaya hesablanmış köklü islahatlardan danışmış, təhsil və dil məsələlərinin vəhdətinin dövlətimiz üçün hər zaman prioritet məsələ olduğunu vurğulamışdır. 

   Digər çıxışçılar – Zabitə Teymurlu, Fəxriyyə Xələfova, Zəminə Rüstəmbəyli Mətanət Ağamirli, Vəfa İsmayılova , Xəyalə Mütəllimova, Mədinə Paşayeva, Cəlalə Nəzəroğlu ümummilli liderin vətən sevgisindən, ana dilinə qayğısından danışaraq dilin saflığını qorumaq, onunla fəxr etmək, ana dilini xalqın mənəvi varlığı kimi sevməkdə Heydər Əliyevin hər bir azərbaycanlıya örnək olduğunu bildirmişlər. Azərbaycan dilinin hərtərəfli inkişafı və beynəlxalq nüfuzunun yüksəldilməsi dövlətçilik tarixinin ən mühüm nailiyyəti və məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi dəyərləndirilmişdir. Çıxışçılar bütün sahələrdə ana dilin saflığının qorunmasının vacibliyini vurğulamaqla İKT, reklam, tibb və digər sferalarda da dilin düzgün tətbiqi məsələlərinə həssas yanaşmağın zəruriliyini ifadə etmişlər.

   Tədbir çərçivəsində müasir dövlətçiliyimizin banisi Heydər Əliyevin  Azərbaycan sevgisi, doğma dillə bağlı təəssübkeşliyini əks etdirən videoçarxlar, Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan film, eləcə də digər videomateriallar nümayiş etdirilmişdir.