Media

“Türk dili və türk birliyi” mövzusunda konfrans

25.06.2023
“Türk dili və türk birliyi” mövzusunda konfrans

  Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva 20 iyun 2023-cü il tarixində Türkiyənin Antalya şəhərində “Türkay dergi”nin təşkil etdiyi “Türk dili və türk birliyi” mövzusunda  konfransda iştirak etmişdir.

  Tədbirdə türk xalqlarının mədəni inteqrasiyası, türk dillərinin öyrənilməsi və ortaq türk dilinin yaradılması kimi məsələlər müzakirə olunmuşdur.

  Konfransda çıxış edən Mərkəzin direktoru professor Sevinc Əliyeva dil ailələri içərisində özünəməxsus yeri olan türk dillərinin ümumi türk kökündən təşəkkül tapdığını, tarixi və coğrafi  şəraitdən asılı olaraq müstəqil ədəbi dillər kimi formalaşdığını bildirmişdir.  Ortaq türk mədəniyyətinin ilkin abidəsi olan “Orxon-Yenisey”dən başlayaraq, Azərbaycan və türk dillərinin tarixi dövrləri, etimoloji  yaxınlığı, inkişaf qanunauyğunluqları, ortaq və fərqli xüsusiyyətlərinə diqqət çəkən natiq  interferensiya dövründə bu dillərin  müstəqil  ədəbi dillər kimi  formalaşma mərhələlərini geniş şərh etmişdir. Azərbaycan ədəbi dilinin təşəkkül mərhələlərindən bəhs edən S.Əliyeva anadilli poeziyanın yaranmasından, Səfəvilər dövründə Şah İsmayıl Xətainin ana dilinin dövlət sənədlərinin dili kimi arealının genişlənməsindəki xidmətlərindən və sonrakı dövrlərdə milli intibah poeziyasının yaradılması ilə dilimizin milliləşmə məsələlərindən söhbət açmışdır. Natiq həmçinin bildirmişdir ki, bu gün dilimiz özünün ən yüksək inkişaf dövrünü yaşayır. Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsində, onun hüquqi statusunun müəyyənləşdirilməsi və inkişaf etdirilməsində ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.  S.Əliyeva, həmçinin Azərbaycan dilinin inkişafı və tətbiq sahəsinin genişləndirilməsi istiqamətində görülən əməli tədbirlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu dil siyasətinin nəticəsi kimi mühüm töhfələr verəcəyini vurğulamışdır.

     Natiq xaricdə yaşayan azərbaycanlı ailələrdə böyüyən uşaqlar üçün təşkil olunan məktəblərin, Türkiyədə fəaliyyət göstərən universitetlərdə Azərbaycan dili fənninin tədrisinin əhəmiyyətini xüsusi qeyd etməklə bu istiqamətdə əməkdaşlığın səmərəli olacağına inamını bildirmişdir.