“Qərbi Azərbaycana qayıdış” festival-konqresi
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilmişdir.
Festival-konqres iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı abidəsi önünə gül dəstəsi qoymuş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişlər. Sonra qonaqlar muzeyin eksponantları ilə tanış olmuşlar.
“Qərbi Azərbaycana qayıdış” festival-konqresinin açılış mərasimi Zəngəzur Milli Parkında, Batabat yaylağında təşkil olunmuşdu. Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü prof. Mahirə Hüseynova, İqdır Univeristetinin rektoru Mehmet Hakkı Alman çıxış etmişlər.
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının üzvü professor Mahirə Hüseynova çıxışında vurğulamışdır ki, Qərbi azərbaycanlı ziyalılarla görüşü zamanı konseptual çıxışında Azərbaycan Respublikasının Qərbi Azərbaycandan olan soydaşlarının hər məqamda yanında olacağını bəyan edən Cənab Prezidentimiz bu bəyanatı ilə elmi ictimaiyyətin qarşısında mühüm vəzifələr qoydu. Sovet Rusiyasının dəstəyi ilə 1920-ci ildə yaradılan sovet Ermənistanında həyata keçirilən 1948-1953 və sonuncu 1988-1991-ci illər deportasiyaları və çoxminli insan faciəsinin gənc tədqiqatçıların mövzusu olacağına inamını ifadə edən Mahirə Hüseynova Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində görülən işləri tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Festival-konqresdə Qərbi Azərbaycana məxsus folklor nümunələri, kulinariya, musiqi və yallı nömrələri, sərgilər, ədəbi-bədii kompozisiyalar təqdim edilmiş, iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.