Media

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində növbəti tədbir

17.09.2021
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində növbəti tədbir
17 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində növbəti tədbir keçirilmişdir. Tədbirdə Monitorinq Mərkəzinin əməkdaşları və AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdsiyyə Qəmbərova iştirak etmişlər.
Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva tədbiri giriş sözü ilə açaraq bildirmişdir ki, Mərkəz Azərbaycan dilinin saflığının qorunması və düzgün tətbiqi ilə bağlı televiziya və radio aparıcıları, sayt nümayəndələri, Jurnalistika və Filologiya fakültələrinin tələbələri üçün təlimlərin təşkili istiqamətində hazırlıq işləri görür. Qeyd edilmişdir ki, dinləniləcək məruzə keçiriləcək təlimlərin fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə yardımçı olacaqdır.
Tədbirdə Mərkəzin baş mütəxəssisi dosent Mətanət Xudiyeva “İşgüzar və akademik kommunikasiyada nitq etiketləri. Nitq texnikasının komponentləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzəçi nitq etiketlərinin cəmiyyətdə sağlam münasibətin qurulmasında və ünsiyyətin formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış, televiziya məkanında danışıq etiketlərində rast gəlinən qüsurlardan bəhs etmişdir. Həmçinin çıxış zamanı intonasiya, diksiya, səs tembri və pauzadan düzgün istifadənin zəruriliyini qeyd edən məruzəçi müvafiq tövsiyələrini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Mövzu ətrafında müzakirələr aparılmış, dosent Gülarə Əmirova, dosent Şahlar Məmmədov, dosent Qüdsiyyə Qəmbərova, Vəfa İsmayılova, Kəmalə Mustafayeva, Günel Hacıyeva, Səma Vəliyeva və başqaları çıxış edərək mövzunun aktuallığını, müasir tələblərə cavab verdiyini bildirmişlər.